Lider.com.az istinadən bildirir ki, dövlət ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşdirmə prinsipi ilə təmin edilməsi, həmçinin hər bir şagirdə düşən illik xərclərə təhsilin müxtəlif mərhələləri üzrə artım əmsallarının tətbiqi qaydaları qüvvəyə minib.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Yeni qaydalara əsasən, adambaşına maliyyələşmə mexanizmi ibtidai, ümumi orta və tam orta təhsil pillələrini əhatə edəcək və bu mexanizm 2026/2027-ci tədris ilindən etibarən mərhələli şəkildə həyata keçiriləcək.
Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, hər növbəti təqvim ili üçün büdcə vəsaiti hesabına maliyyələşəcək məktəblərin siyahısı və şagird kontingenti Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.
Sənəddə adambaşına maliyyələşmə zamanı nəzərə alınmayan xərc istiqamətləri, artım əmsallarının tətbiqi mexanizmi, həmçinin məktəblərin maliyyələşdirilmə həcminin hesablanma qaydaları dəqiq əksini tapıb.
Müvafiq qurumlar arasında hər il sentyabrın 15-dək nümunəvi çərçivə müqaviləsi imzalanacaq və vəsaitlər birbaşa məktəblərin hesabına köçürüləcək.
Təsdiq olunmuş illik xərc məbləği faktiki xərclərdən az olarsa, yaranan çatışmazlıq müəssisənin büdcədənkənar vəsaitləri və ya digər mənbələr hesabına bağlanılacaq.
Qərarla müəyyən edilən artım əmsalları ibtidai təhsil üçün 1,00, ümumi orta təhsil üçün 1,25, tam orta təhsil üçün isə 1,70 təşkil edir.
Maliyyələşmənin səmərəliliyinə nəzarət və monitorinq işləri Elm və Təhsil Nazirliyi, eləcə də digər səlahiyyətli dövlət qurumları tərəfindən həyata keçiriləcək.
Sözügedən qərar 2026-cı il sentyabrın 15-dən etibarən qüvvəyə minəcək.
