04:04

İslam dünyasında Azərbaycanın güclənən rolu və təşkilatla strateji tərəfdaşlıq perspektivləri

Lider.com.az istinadən bildirir ki, oktyabrın 26-da dövlət başçısı İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul etməsi ölkəmizin müsəlman ölkələri ilə əlaqələrinin strateji səviyyəsini bir daha göz önünə sərib. Görüş zamanı ölkə lideri Baş katibin yeni vəzifəyə təyin olunmasından dərhal sonra Azərbaycana səfər etməsini Bakı ilə qurum arasında mövcud olan sıx və güclü tərəfdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Bununla yanaşı, Prezident İlham Əliyev vurğulayıb ki, respublikamız həmişə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində yaxından iştirak edib və bu xətt qarşıdakı illərdə də əzmlə davam etdiriləcək. Belə bir mövqe paytaxtımızın sadəcə tədbir iştirakçısı olmadığını, əksinə, ümumi əməkdaşlıq xəttinin formalaşmasında həlledici təşəbbüskar mövqe tutduğunu sübut edir.

Təşkilat daxilində qazanılan yüksək nüfuz heç də təsadüfi xarakter daşımır, çünki dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra məhz bu beynəlxalq quruma qoşulan ilk dövlətlərdən olub və ötən otuz beş il ərzində əlaqələr bütün sahələrdə ardıcıl şəkildə inkişaf edib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət strategiyası bu tərəfdaşlığın təməl daşlarını möhkəmləndirib. Baş katibin söhbət zamanı Ulu Öndərin xatirəsini dərin ehtiramla yad etməsi və Azərbaycan-İƏT münasibətlərinin qurulmasındakı əvəzsiz xidmətlərini yüksək dəyərləndirməsi həmin siyasi kursun beynəlxalq müstəvidə birmənalı qəbul olunduğunu təsdiqləyir.

Azərbaycanın qurumla tərəfdaşlıq tarixinin əsas hissəsini uzun müddət ərazi bütövlüyü və suverenlik məsələləri təşkil edib. İƏT Ermənistanın işğalçılıq əməllərini qınayan qətnamələr qəbul etməklə ölkəmizin beynəlxalq hüquqa əsaslanan haqlı davasına daim dəstək verib. Vətən müharibəsindən sonra isə suverenliyin tam bərpası ilə bu əməkdaşlıq tamam başqa, yeni siyasi məzmun qazanıb. Qurum rəhbərinin bu tarixi nailiyyət münasibətilə təbriklərini çatdırması, eləcə də dövlət başçımızın bölgədə sülhün bərqərar olunmasına yönəlmiş səylərini dəstəkləməsi postmünaqişə dövründə atılan addımların nə qədər vaxtında və uğurlu olduğunu göstərir.

Bölgəmizdə uzunmüddətli sabitliyin bərqərar olması Azərbaycanın müsəlman dövlətləri ilə əməkdaşlığına da tamamilə yeni imkanlar qazandırır. Kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin genişləndirilməsi qardaş ölkələr arasında ticarət dövriyyəsinin artmasına güclü təkan verə bilər. Məhz bu səbəbdən ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri yalnız lokal maraqları deyil, həm də daha geniş coğrafi areanda beynəlxalq əməkdaşlıq perspektivlərini əhatə edir.

Mədəni-dini irsin qorunub saxlanılması da respublikamızın təşkilat daxilindəki fəaliyyətinin əsas prioritetlərindən biri olaraq qalmaqdadır. İşğaldan azad edilən torpaqlarımızda dağıdılmış müqəddəs məbədlərin bərpası tarixi ədalətin bərpası və milli-mənəvi irsimizin yaşadılması baxımından müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, Heydər Əliyev Fondunun xarici ölkələrdəki İslam mədəniyyəti abidələrinin qorunmasına yönələn layihələri ölkəmizin bu missiyanı qlobal miqyasda həyata keçirdiyini nümayiş etdirir.

Dövlətimiz dünyəvilik prinsiplərinə sadiq qalmaqla yanaşı, İslam dininin yüksək mənəvi dəyərlərinə ehtiram üzərində qurulan inkişaf modeli ortaya qoyub. Cəmiyyətimizdə hökm sürən sağlam multikultural mühit və bütün dini konfessiyaların qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyəti məhz bu siyasətin əyani nəticəsidir. Görüş zamanı Prezident İlham Əliyev gələcəkdə də İslam həmrəyliyinin möhkəmlənməsinə, sivilizasiyalararası dialoqun genişlənməsinə, eləcə də təhlükəsizliyin qorunmasına lazımi töhfələr verməkdə davam edəcəyimizi diqqətə çatdırıb.

Bu xüsusqda ölkəmizin əvvəlki illərdə həyata keçirdiyi qlobal təşəbbüslər də mühüm yer tutur. Xatırladaq ki, 2013-cü ildə BMT Təhlükəsizlik Şurasında məhz respublikamızın təşəbbüsü ilə BMT ilə İƏT arasındakı əməkdaşlığa həsr olunan yüksək səviyyəli toplantının reallaşdırılması ölkəmizin qlobal tərəfdaşlıqların inkişafındakı körpü rolunu sübut edib. Həmçinin 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi və paytaxtımızda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili müsəlman xalqlarının birliyini daha da möhkəmləndirib.

Görüşdə qarşıdakı dövrün diplomatik planlarına da toxunularaq, Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyi və bu istiqamətdə intensif hazırlıq işlərinin görüldüyü bildirilib. İki ildən sonra Bakıda keçiriləcək bu Zirvə toplantısının təşkilatın miqyasında dövlətimizin siyasi nüfuzunu daha da yüksəldəcəyi şübhə doğurmur.

Bundan başqa, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi Qarabağın beynəlxalq mədəniyyət və turizm mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.

Müasir dövrdə informasiya müharibəsi və dezinformasiya təhlükələri fonunda islamofobiya ilə mübarizə də Azərbaycanın İƏT ilə əməkdaşlığının aktual istiqamətlərindən biridir. Üzv dövlətlərin media qurumları arasında sıx əməkdaşlığın qurulması ortaq informasiya təhlükəsizliyi sisteminin yaradılmasına zəmin yarada bilər. Ölkəmizin islamofobiyaya qarşı beynəlxalq konfranslara müntəzəm olaraq ev sahibliyi etməsi məhz bu sahədə qətiyyətli liderliyimizi göstərir.

Sonda qeyd etmək lazımdır ki, dövlət başçımızın İƏT-in Baş katibi ilə apardığı müzakirələr respublikamızın müsəlman aləmindəki mövqelərinin yeni diplomatik və institusional dəyərlərlə zənginləşdiyini təsdiq edir. Yaxın gələcəkdə Bakının əsas hədəfi mövcud siyasi etimadı real iqtisadi və sosial layihələrə çevirmək, mədəniyyətlərarası körpüləri genişləndirməkdir. Yürüdülən bu uzaqgörən və çoxşaxəli siyasət Azərbaycanın İslam dünyasında etibarlı tərəfdaş, həmçinin qlobal təşəbbüslərin mərkəzi oyunçusu statusunu daha da möhkəmləndirir.