Lider.com.az istinadən bildirir ki, oktyabrın 26-da ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş prokuror Kamran Əliyev arasında görüş baş tutub.
Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək ehtiram nümayiş etdiriblər, eləcə də Şəhidlər xiyabanına qərənfillər düzüblər.
Danışıqlar zamanı baş prokuror dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda reallaşdırılan hüquqi islahatlar və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verib.
O, BMT və digər beynəlxalq təsisatlar çərçivəsində ölkəmizin korrupsiyaya qarşı təşəbbüslərdə fəal rol oynadığını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qanun pozuntularının aşkar edilməsi və istintaqı istiqamətindəki fəaliyyətini diqqətə çatdırıb.
Həyata keçirilən struktur islahatlarının əsas tərkib hissələrindən biri kimi “ASAN xidmət” sisteminin rolunu qeyd edən baş prokuror bu mexanizmin dövlət qurumlarının fəaliyyətində şəffaflığı artırdığını və rüşvət risklərini minimuma endirdiyini bildirib.
Görüşdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin xarici siyasətin mühüm prioritetlərindən biri olduğu vurğulanaraq, ölkəmizin təşkilatın işinə verdiyi töhfələr və islam həmrəyliyinin gücləndirilməsi istiqamətindəki səyləri yüksək qiymətləndirilib.
Eyni zamanda, oktyabrın 27–28-də Bakı şəhərində İƏT-ə düzv ölkələrin korrupsiya ilə mübarizə qurumlarının rəhbərlərinin iştirakı ilə baş tutacaq üçüncü yüksəksəviyyəli toplantının əhəmiyyəti qeyd olunub, bu tədbirin ikitərəfli əməkdaşlığın genişlənməsinə güclü təkan verəcəyi bildirilib.
Tərəflər cəmiyyətin sabitliyi, dövlətlərin dayanıqlı tərəqqisi və iqtisadi təhlükəsizlik baxımından korrupsiyaya qarşı mübarizənin vacibliyini qeyd edərək, bu istiqamətdə beynəlxalq tərəfdaşlığın və üzv ölkələrin müvafiq qurumları arasındakı əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
İƏT-in Baş katibi göstərilən səmimi qonaqpərvərliyə, eləcə də Bakıda təşkil olunan mötəbər tədbirə görə minnətdarlığını ifadə edib.
O, həmçinin quruma üzv ölkələrin hüquq-mühafizə strukturları arasındakı tərəfdaşlığın yeni formatda inkişaf etdirilməsi barədə Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsləri qətiyyətlə dəstəklədiyini bildirib və konfransın uğurlu nəticələr verəcəyinə inamını dilə gətirib.
