
Lider.com.az istinadən bildirir ki, Türkiyənin müəyyən media qurumlarında və sosial şəbəkə platformalarında respublikamızda hicab səbəbindən kütləvi həbs dalğasının başladığı, həmçinin vətəndaşların bu səbəbdən ölkəni kütləvi şəkildə tərk etməsi barədə yayılan uydurma məlumatlar dini amillərdən sui-istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaratmaq və dövlətimiz barədə təhrif olunmuş rəy formalaşdırmaq məqsədi güdən açıq-aşkar dezinformasiyadır.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Media və Yayım Şurası bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, ayrı-ayrı ictimai və siyasi xadimlərin bu cür uydurma xəbərlərin tirajlanmasında rol alması, həmçinin əsassız tezisləri təhqiredici ifadələrlə ictimaiyyətə təqdim etməsi onların daşıdığı mənəvi və ictimai məsuliyyətə tamamilə ziddir, eyni zamanda kütləvi informasiya vasitələri qarşısındakı imkanlardan pis niyyətlə istifadənin dözülməz təzahürüdür.
Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmiz əleyhinə yönəlmiş saxta xəbərlərin yayılmasını qəti şəkildə pislədiyini bildirərək, media işçilərini, eləcə də siyasi və ictimai xadimləri xəbər paylaşarkən maksimum məsuliyyət nümayiş etdirməyə səsləyir, cəmiyyəti isə belə informasiyalara qarşı tənqidi mövqe tutmağa, faktları rəsmi və etibarlı mənbələr vasitəsilə dəqiqləşdirməyə və dezinformasiyanın ötürülməsində alətə çevrilməməyə dəvət edir.
